İnformasiya müharibəsinin yeni -lahı: Süni İntellekt | VİDEOMÜSAHİBƏ

 İnformasiya müharibəsinin yeni  Sİ-lahı: Süni İntellekt |  VİDEOMÜSAHİBƏ
  03 Oktyabr 2024    Oxunub:3282
Süni İntellekt (Sİ) gündəlik həyatımızın adi elementlərindən birinə çevrilməkdədir. Bununla belə, hətta yüksək texnolgiyalar sahəsində böyük uğurlar qazanmış sahibkarlar və mütəxəssislər də onun inkişafına beynəlxalq nəzarət standartlarının yaradılmasının zəruri olduğunu iddia edirlər.
İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərov AzVision.az-a müsahibəsində bildirib ki, gələcəkdə Sİ olmadan texnoloji proseslərin inkişafı uğurlu getməyəcək. Çünki insanın öz bacarıqları hansısa səviyyədə məhdudlaşır. Kompüter isə verilən tapşırıqla bağlı gecə-gündüz sonsuz sayda əməliyyatlar apara bilir. Bu məqam Sİ amilinin nə dərəcədə önəmli olduğunu göstərir.

- “Süni İntellekt” deyəndə proseslərin həllinin öyrənilməsi və qavrama qabiliyyətinin simulyasiyası üçün hazırlanmış, insan zəkasının xüsusiyyətlərini özündə ehtiva edən kompüter sistemləri və ya proqramlar nəzərdə tutulur. Başqa sözlə desək, Sİ kompüterlərin insan kimi düşünməsini və davranmasını təmin etməyə çalışır.

Sİ ideyasının əsası 1956-cı ildə Con Mak-Karti və Marvin Minski tərəfindən qoyulub. Lakin həmin dövrdəki texniki məhdudiyyətlər Sİ-nin daha geniş vüsət almasına və kütləvi yayılmasına imkan verməyib. Yalnız 2000-ci illərdən sonra Sİ kütləvi şəkildə yayılmağa, öyrənilməyə başladı. 2012-ci ildən sonra isə yüksək səviyyədə inkişafa çatdırıldı.
Əvvəllər Sİ-nin inkişafına dövlətlər maraq göstərirdilərsə, 2017-2020-ci illərdə “Apple”, “Samsunq” kimi böyük şirkətlərin daxilində sırf Sİ ilə bağlı laboratoriyaların və mərkəzlərin yaradılmasına başlanıldı.

Hazırda Sİ-nin iki növü mövcuddur: ümumi və xüsusi. “Ümumi Sİ” dedikdə hər hansı bir intellektual vəziyyəti insan kimi anlamaq və həll etməyi bacarmaq qabiliyyəti olan sistem başa düşülür. Hazırda mövcud texnologiyalar bizim ümumi Sİ yaratmağımıza imkan vermir. Çünki kompüterin insan kimi düşünərək muxtar rejimdə qərar verməsi hələlik mümkün deyil.

“Xüsusi Sİ” dedikdə isə, hər hansı bir vəzifənin yerinə yetirilməsi üçün proqramlaşadırılmış kompüter sistemləri nəzərdə tutulur. Biz bunu gündəlik həyatımızda görürük. Məsələn, insanla şahmat oynayan proqram, böyük şirkətlərin müştəri xidmətlərində olan çat-botlar xüsusi Sİ-yə aid nümunələrdir.



- Sİ-dən ictimai rəyin formalaşdırılması, dezinformasiyanın yayılması kontekstində sui-istifadə halları mümkündürmü?
- Tamamilə mümkündür və hazırda ən aktual mövzulardan biridir. Dezinformasiyalar, manipulyasiyalar, kütlənin yanlış istiqamətə yönləndirilməsi üçün Sİ-yə əl atılır. Hazırda Sİ-nin inkişafı o həddə çatıb ki, onun mahiyyətindən kifayət qədər məlumatlı olmayan insan asanlqıla aldana bilər. Çünki Sİ vasitəsilə yanlış məlumatlar yaratmaq, kütləni yönlətmək olur və kütlə də buna inanır.

Bundan başqa, Sİ-dən istifadə etməklə reklam kontentləri yaratmaq mümkündür. İstifadəçi məlumatları bazasını (data-baza) təhlil etməklə müəyyən qrup insanların baxışlarına və inanclarına təsir göstərə biləcək kontentlər hazırlanır ki, bu da çox təhlükəli prosesdir. Xüsusi botlar sosial şəbəkələrdə insanların hərəkətlərini təqlid edir, onlara uyğun cavablar hazırlayır və bundan manipulyasiya aləti kimi istifadə olunur.

Bu baxımdan ən çox narahatlıq doğuran dipfeyklərdir. Bu çox qorxulu haldır. Təsəvvür edin ki, hansısa bir dövlət adamının və ya ictimai şəxsin adından orijinaldan fərqlənməyən yalan multimedia-müraciət hazırlanır və sosial şəbəklərdə paylaşılır. Belə məqamlardan anlayışı olmayan insanlar isə bunu həqiqət kimi qəbul edirlər. Bu yolla şəxslər arasında ədavət də qızışdırıla bilərlər.

- Ötən il və bu ilin yazında amerikalı milyarderlər İlon Mask və Stiv Voznyak bu sahədə nəzarətsizliyin və xaotik istifadənin neqativ hallara gətirib çıxara biləcəyi barədə bəyanat verdilər. Onlar hətta müəyyən müddətə bu sahənin inkişafının dayandırılması, yaxud, yavaşıdılması üçün ümumi qərarın qəbul edilməsinə çağırdılar. Bildiyimə görə, ötən il BMT-də bu sahəyə nəzarət üzrə ümumi bazanın yaradılması barədə razılığa gəlinib. Bu təşviş və həyəcan nə qədər lüzumludur?
- Onların narahatlığı haqlıdır. Neqativ hallardan biri Sİ-nin insanın nəzarətindən çıxaraq müstəqil qərarlar verə bilməsi ehtimalıdır. Hazırda bu mümkün deyil. Amma hadisələrin buna doğru getməsi riski var.
Sİ vasitəsilə avtonom silahların yaradılması təhlükəsi var. Bəzi ölkələrdə və şirkətlərdə yüksək texnologiyalar digərlərilə müqayisədə daha da inkişaf edib ki, bu da artan qeyri-bərabərlik nümunəsidir.

Etik dilemmalar məsələsinə də toxunmaq istərdim. Sİ-nin qəbul etdiyi qərarlara görə məsuliyyəti kim daşıyacaq? BMT-də və bu sahə ilə məşğul olan təşkilatlarda prosesin insan nəzarətində necə saxlanılması ətrafında daim müzakirələr aparılır.

- Azərbaycan Prezidenti İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev hibrid müharibələr dövründə Sİ-nin manipulyasiya imkanlarına toxunaraq, bu sahəyə diqqət ayırmağın, ehtiyat tədbirlərin görülməsinin zərurətini vurğuladılar. Bu istiqamətdə biz həm təklikdə, həm də region ölkələrilə birlikdə hansı işləri görə bilərik?
- Azərbaycan prezidentinin kibertəhlükəsizlik məsələsinə toxunması dövlətimizin bu sahəyə marağını sübut edir. Ölkəmizə xeyli kiberhücumlar olur. Bu müstəvidə müşahidə olunan çətinlik həm də kiberməkanın daimi inkişafı və yenilənməsi ilə bağlıdır. Məsələn, biz bu gün X hücumu dəf etməyə hazırlaşırıq, sabah isə bu təhlükə artıq 2X olur. Texnologiyaların inkişafı kiberhücumların günbəgün artmasını və daha da mürəkkəbləşməsini şərtləndirir. Hansısa bir ölkə ilə müharibə edəndə onun silahları barədə məlumatlı olmaq müharibənin necə aparılması barədə təsəvvürün yaranmasına imkan verir. Burada isə, siz bugünün hücumuna hazırlaşırsınız, amma sabah tam başqa hücum baş verir. Məhz bu baxımdan, hökumətimiz kibertəhlükəsizliyi təmin edəcək qurumların yaradılması, bu sahədə yüksək səviyyəli mütəxəssislərin yetişdirlməsilə məşğuldur. Azərbaycanda xarici ölkələrin təcrübəsindən istifadə edilir. Praktika göstərir ki, kibertəhlükəsizliklə birgə mübarizə daha effektlidir. Amma burada etimad problemi var: ölkələr “nə vaxtsa özümə qarşı işlədilə bilər” prinsipindən yanaşaraq, təcrübələrini bölüşmək istəmirlər.

- Adi müharibələrdə tərəflər bir-birlərinə qarşı səngərdə dayanırlar. Bəs kibermüharibədə səngər anlayışı varmı? Əgər varsa, haradan keçir?
- Kiberhücumların haradan gəldiyini bilmək olmur. Hansısa bir dövlət qurumunun məlumat bazasına edilən kiberhücum adi müharibədəkindən daha böyük ziyan vura bilər. Ona görə də, kiberhücumların dəf edilməsi üçün peşəkar mütəxəssislər yetişdirilməlidir. Əhalinin kibersavadlılığı artırılmalıdır. Bütün bunlar cəm halında dövlətin kibertəhlükəsizliyinin möhkəmləndirilməsini təmin edəcək.

- Belə çıxır ki, bəşəriyyət özü də dərk etmədən qatilini hazırlayır? Yoxsa mən çox şişirdirəm?..
- Dediklərinizdə müəyyən qədər həqiqət var. Biz Sİ-nin və texnologiyaların inkişafını nəzarətdə saxlamasaq, axırı həqiqətən yaxşı olmayacaq. Sİ-ni inkişaf etdirməklə yanaşı, onun daxili seqmenti olan təhlükəsizliyi də artırmalıyıq. Texnoloji innovasiyalar və avadanlıqlar kənar müdaxilələrdən qorunmalıdır. Çünki heç də bütün insanlar bu imkanlardan yaxşı niyyətlərlə istifadə etmirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Süni-İntellekt   İnformasiya-Texnologiyaları  





Xəbər lenti